Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Bir çox sahibkar bu barədə məlumatsızdırlar və risklərin fərqində deyillər"

Pərviz Quliyev: “Sığorta sahibkarların illərlə qurduğu biznesi gözlənilməz itkilərdən qoruyur və fəaliyyətin davamlılığını təmin edir”
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bir çox sahibkar bu barədə məlumatsızdırlar və risklərin fərqində deyillər"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ölkəmizdə fəaliyyət göstərən ticarət mərkəzlərində, biznes obyektlərində baş verən silsilə yanğın hadisələri bir daha göstərir ki, sahibkarların illərlə zəhmətlə qurduqları biznes bir neçə saat ərzində böyük itkilərlə üzləşə bilər. Belə vəziyyətdə ən çox müzakirə olunan məsələ də elə məhz obyektlərin sığortasıdır. Çünki sığorta sahibkar üçün əlavə xərc deyil, biznesinin davamlılığını qoruma vasitəsidir. Bu istiqamətdə olan suallarımızı Azərbaycan Sığortaçılar Assosiasiyası yanında Araşdırma və İnkişaf Mərkəzinin direktoru Pərviz Quliyev cavablandırıb

- Sizcə, sahibkarlar üçün biznes obyektlərinin sığortasının əsas əhəmiyyəti nədən ibarətdir?

- Əlbəttə ki, bütün subyektlərdə olduğu kimi, həm fiziki şəxslər, həm hüquqi şəxslər üçün də istənilən bir obyektin sığortalanması gələcəkdə baş verə biləcək risklərdən qorunma mexanizmi kimi ortaya çıxır. Ona görə də sahibkarlar üçün biznes obyektlərinin sığortası hava və su kimi vacibdir. Çünki, onlar illərlə qurduqları həmin biznes obyektlərini yanğın və ya digər xoşagəlməz hadisələr nəticəsində tam və ya qismən itirə bilərlər.

Bu səbəbdən də ziyanı əvvəlcədən görmək və nəzərə almaq lazımdır ki, gələcəkdə baş verə biləcək hadisənin nəticəsində ortaya çıxan zərəri aradan qaldırmaqla qısa müddətdə həmin biznes subyektləri fəaliyyətini davam etdirə bilsinlər. Bunun üçün sığorta ən vacib mexanizmdir ki, gələcəkdə baş verə biləcək zərərlərdən bizi qoruyur.

Sığorta olmadıqda, təbii ki, sahibkarın hər zaman belə bir maliyyə imkanı olmur ki, ona dəymiş ziyanı öz hesabına bərpa etsin. Belə olduqda isə sahibkar çətin vəziyyətə düşür, mövcud biznes fəaliyyətini itirə bilir və yenidən bərpa etməsi çox çətin olur.

Bu baxımdan da sahibkarlar üçün biznes obyektlərinin sığortalanması çox vacib və həyati əhəmiyyətli bir məsələdir. Onların fəaliyyətlərinin davamlı olması üçün sığorta mexanizmindən mütləq istifadə edilməlidir.

- Azərbaycanda biznes obyektlərinin sığortalanması ilə bağlı indiki vəziyyət necədir?

- Biznes obyektlərinin sığortalanması sahəsində inkişaf üçün geniş imkanlar mövcuddur. Mövcud əhatəliyi artırmaq üçün  sığorta sektorunun təqdim etdiyi operativ satış kanalları vasitəsilə göstərilən xidmətlər, bank-sığorta əməkdaşlığı nəticəsində təqdim edilən sığorta məhsulları ilə yanaşı əhali və biznes subyektləri arasında aparılan maarifləndirmənin də önəmli rolunu qeyd ertmək vacibdir. Hesab edirik ki, hal-hazırda həyata keçirilən maarifləndirmənin davamlı təşkili, istər əhali, istərsə də biznes subyektləri arasında məlumatlılığın sistemli şəkildə təmin olunması qeyd edilən istiqamətdə effektivliyin artırılmasına mütəmadi təkan verir.

- Ən çox hansı risklərə qarşı sığortalanma ehtiyacı var – yanğın, təbii fəlakət, oğurluq, yoxsa başqa?

- Təbii ki, baş verən hadisələr göstərir ki, xüsusilə də pərakəndə satış bazarlarında obyektlərin yanğından sığortalanmasına daha böyük ehtiyac var. Bu isə müxtəlif səbəblərdən irəli gəlir. Belə ki, tikililərdə standarta uyğun olmayan konstruksiyalardan və materiallardan istifadə olunması buna səbəb ola bilər. Məsələn, tikintidə istifadə edilmiş elektrik naqillərinin standartlara uyğun olmaması, gərginliyin artması nəticəsində naqillərdə baş verən qısaqapanmaların yaranması və bunun nəticəsində baş verən yanğınlar bu riskləri artırır. Ona görə də əmlak sığortasında birinci növbədə yanğın riski ön plana çıxır. Eyni zamanda, təbiət hadisələri nəticəsində zərər çəkən obyektlər də mövcuddur. Buna görə də hazırkı vəziyyətdə yanğın riski ən aktual məsələlərdən biridir və biznes obyektləri ilk növbədə bu riskə qarşı sığortalanmalıdırlar.

- Sahibkarların sığortaya marağını azaldan səbəblər hansılardır – məlumatsızlıq, etimad çatışmazlığı, yoxsa sığorta haqlarının yüksəkliyi?

- Hazırda icbari əmlak sığortası bütün sahibkarlar üçün çox əlçatan qiymətə təklif olunur. Sadəcə olaraq, sahibkarların bundan istifadə etməməsinin əsas səbəbi ondan ibarətdir ki, bir çox sahibkar bu barədə məlumatsızdırlar və sığortanın əhəmiyyətini lazımi qaydada dərk etmirlər, risklərin fərqində deyillər. Təbii ki, nəzarət mexanizminin təkmilləşdirilməsi üçün də  əlavə addımlar atılır, bu isə icbari əmlak sığortasının tətbiqinin daha geniş yayılmasına imkan verəcək.

- Kiçik və orta sahibkarlar üçün biznes obyektlərini sığortalamaq nə dərəcədə əlçatandır? Mövcud tariflər onlara uyğundurmu?

- Bəli, təbii ki, Azərbaycanda həm könüllü, həm də icbari sığorta tarifləri o qədər də yüksək deyil. Könüllü sığortada bu məbləğ təxminən əmlakın dəyərinin 0,25%–0,3%-i arasında dəyişə bilər. Yəni, belə çıxır ki, dəyəri 100 min manat olan bir obyekt sığortalanarsa, onun illik sığorta haqqı təqribən 250-300 manat təşkil edəcəkdir. Bu, könüllü sığortaya aiddir. İcbari sığortada isə şərtlər qanunvericiliklə müəyyən olunur və risk dərəcəsindən asılı olaraq dəyişə bilər. Ona görə də hazırkı tariflər sahibkarlar üçün kifayət qədər əlçatandır.

- Biznes obyektlərinin sığortası Azərbaycanda icbari xarakter daşıyırmı, yoxsa könüllüdür? Bu sahədə qanunvericilik necədir?

- Hazırda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, “Daşınmaz əmlakın icbari sığortası” məhsulu mövcuddur. Bununla yanaşı, qeyd olunduğu kimi daşınmaz əmlakın könüllü sığortası da mümkündür. Yəni sahibkarlar həm icbari, həm də könüllü sığortadan yararlana bilərlər.

- Dövlət qurumlarının və sığorta şirkətlərinin sahibkarların maarifləndirilməsində rolu necədir?

- Məsələyə dövlət qurumları perspektivindən yanaşsaq, Azərbaycan Respublikasının Mərkəzi Bankını xüsusilə qeyd etməliyik. Çünki ölkəmizdə maliyyə-sığorta sektoru üzrə requlyator olan Mərkəzi Bankın icra etdiyi uğurlu nəzarət və tənzimləmə siyasəti, həyata keçirdiyi sektor əhəmiyyətli məqsədyönlü islahatlar bunu tam əminliklə deməyə əsas verir. Artıq 5 ildir ki, Mərkəzi Bank tərəfindən maarifləndirmə strategiyası çərçivəsində çoxsaylı tədbirlər həyata keçirilir. Ona görə də Azərbaycan Respublikasının Mərkəzi Bankının bu sahədə gördüyü işlər təqdirəlayiqdir.

Həmçinin yerli peşəkar sığorta bazarı iştirakçıları da bu istiqamətdə ciddi maarifləndirmə işləri aparırlar. Hesab edirəm ki, bu istiqamətdə atılan addımların intensivləşdirilməsi və məlumatlandırma tədbirlərinin daha aktiv şəkildə həyata keçirilməsi bütövlükdə sığorta məhsullarına marağı daha da artıracaq. Çünki burada birinci maraqlı tərəf məhz sığorta şirkətləridir. Belə ki, sığorta bazarı böyüyərsə, sığorta şirkətlərinin biznesi də böyüyəcək. Mənim fikrimcə, bu kimi tədbirlərin kütləviləşməsi, respublikanın bütün ərazilərini, bütün regionlarını əhatə etməsi insanlarımızın, vətəndaşlarımızın sığorta haqqında daha dolğun məlumata sahib olması üçün vacibv addımlardandır. Artıq bir neçı ildir ki, Azərbaycan regionlarını da əhatə edən “Sığorta festivalı”nın keçirilməsi buna bariz nümunədir. Məhz bu festivalda paytaxtla yanaşı regionda yaşayan əhali də sığorta məhsulları, sıöortanın faydası, maddi itgilərdən qorunmaq üçün əsas vasitələrdən biri olması barədə məlumatlandırılır və  beləliklə əhalidə sığorta mədəniyyətinin formalaşmasına öz töhfəsini verir.

- Bu sahədə beynəlxalq təcrübədə hansı uğurlu mexanizmlər var və onları Azərbaycanda tətbiq etmək mümkündürmü?

- Sığorta sahəsində beynəlxalq təcrübədə çox uğurlu nümunələr mövcuddur – həm Avropada, həm Amerikada, həm də inkişaf etmiş Asiya ölkələrində. Amma mən deyərdim ki, onlar sığorta sahəsində əldə etdikləri uğurları qısa müddətdə qazanmayıblar. Təbii ki, bunun üçün vaxt və illər tələb olunur. Lakin bu uğurlara nail olmaq, mövcud potensialı tam şəkildə işə salmaq və əhalinin bütün seqmentlərinin sığortadan faydalana bilməsi üçün ilk növbədə geniş maarifləndirmə və təbliğat tədbirləri həyata keçirilməlidir.

Qeyd etdiyimiz kimi, bu məsələdə birinci növbədə sığorta şirkətləri dayanmadan, gecə-gündüz çalışaraq müxtəlif tədbirlər həyata keçirməli və əsas maraqlı tərəf olmalıdırlar. Əlbəttə ki, bununla bağlı beynəlxalq təcrübələr çoxdur və saysız-hesabsız ölkələrin nümunəsini göstərmək olar. Onların bu sahədə əldə etdikləri nailiyyətlər göstərir ki, həmin ölkələr artıq bu proseslərdən keçib, həmin ölkələrdə sığorta mədəniyyəti formalaşıb və sığorta insanların, vətəndaşların həyat tərzinə çevrilib.

- Sahibkarların özlərini risklərdən qorumaq üçün sığortadan əlavə hansı qarşısıalınma tədbirləri görməsi vacibdir?

- Sahibkarlar özlərini risklərdən qorumaq və obyektlərini sığortalamaq üçün, müxtəlif risklərə qarşı təminat almaq üçün müraciət edə bilərlər. Təbii ki, sığorta şirkəti yalnız müvafiq standartlara uyğun olan riskləri qəbul edir. Standartlara uyğun olmayan riskləri isə sığorta şirkəti heç bir halda qəbul etmir.

Məsələn, daşınmaz əmlakın sığortalanması zamanı həmin obyektin tikinti konstruksiyası mütləq qaydada normativlərə cavab verməlidir. Obyektdə təhlükəsizlik mexanizmləri, yanğınsöndürmə və siqnalizasiya sistemləri, digər təhlükəsizlik avadanlıqları olmalıdır. Əgər bunlar yoxdursa, sığorta şirkəti belə yüksək riskli obyektləri sığortaya götürməkdə maraqlı deyil.

Buna görə də sahibkarlar sığortaya müraciət etməzdən əvvəl obyektlərini mövcud standartlara uyğunlaşdırmalıdırlar. Bu, istər kommersiya xarakterli daşınmaz əmlak, istərsə də fərqli profillərdə olan digər əmlaklar üçün vacibdir. Əgər obyektlər əvvəlcədən tələb olunan şərtlərə uyğunlaşdırılmasa, sığorta şirkətləri bu cür riskləri qəbul etməyəcəkdir.

- Sizcə, Azərbaycanda biznes obyektlərinin sığortalanma səviyyəsini artırmaq üçün hansı addımlar atılmalıdır?

- İlk növədə sahibkarları bu işə cəlb etmək üçün onları sığorta barəsində məlumatlandırmaq vacibdir. Hazırda mövcud olan həm “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşınmaz əmlakın icbari sığortasını, həm də Daşınmaz əmlakın istismarı ilə bağlı mülkü məsüliyyətin icbari sığortasını daha çox təbliğ etmək, sahibkarlara izah etmək lazımdır. Bunun üçün kütləvi tədbirlərin keçilməsi mütləqdir və sığorta şirkətləri öz nümayəndələrinin vasitəsilə və yaxud da ki, öz keçirəcəkləri müxtəlif tədbirlər, aksiyalar vasitəsilə əhaliyə, cəmiyyətə və təbii ki, biznes subyektlərinə öz sığorta məhsullarını təbliğ etməlidirlər. Məhsullar barəsində məlumatları daha düzgün çatdırmağı bacarmalıdırlar ki, sahibkarlar və əhalinin bütün seqmentləri də sığortanın əhəmiyyəti barədə daha düzgün məlumat əldə etsinlər.

Belə kütləvi tədbirlərin keçirildiyi halda hesab edirəm ki, sahibkarlar və əhali arasında sığortaya maraq daha da artacaqdır.

- Müsahibəyə görə, təşəkkür edirik.

sığorta biznes obyektlərinin sığortası Azərbaycan Sığortaçılar Assosiasiyası Pərviz Quliyev icbari sığorta könüllü sığorta əmlak sığortası yanğın riski təbii fəlakət oğurluq sahibkarların maarifləndirilməsi Mərkəzi Bank sığorta mədəniyyəti sığorta festivalı risklərin idarə edilməsi təhlükəsizlik sistemləri sığorta tarifləri kiçik və orta sahibkarlar icbari sığortalar haqqında qanun daşınmaz əmlakın sığortası
29.09.2025 12:29

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18

Ən çox oxunanlar