“Azərxalça”nın yeni filialı istifadəyə verildi - FOTOLAR, YENİLƏNİB
Oktyabrın 28-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qəbələ filialının açılış mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı Qəbələ filialının açılışını bildirən lenti kəsib.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov bildirdi ki, qədim el sənətlərindən olan xalçaçılığın inkişafı ilə bağlı son illərdə görülən işlər öz bəhrəsini verir.
Qeyd olundu ki, bu sahənin inkişafına xüsusi diqqət və qayğı sayəsində artıq bir çox bölgələrdə xalça fabrikləri istifadəyə verilib və bəzi regionlarda yeni fabriklərin açılması istiqamətində işlər gedir. Hazırda dövlət səviyyəsində bu fabriklərin yerli istehsal hesabına xammalla təmin olunması diqqət mərkəzindədir. Bu fabriklərin açılması xüsusilə qadınların işlə təmin olunmasında müstəsna əhəmiyyətə malikdir. Bu sırada təbii ki, Qəbələdəki xalça fabriki də fərqlənir. Müəssisədə əsasən Şamaxı, Ağdaş, Ağsu, Kürdəmir, Hacıqabul, Göyçay, Zərdab, İsmayıllı, Qobustan, Ucar, Qəbələ, Qax, Zaqatala və Oğuz rayonlarının kəndlərində toxunan tarixi və orijinal Şirvan xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.
Qəbələ filialı toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq və zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Toxucular Qəbələ şəhərinin və rayonun ayrı-ayrı kəndlərinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında mütəmadi iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursun məzunları “Azərxalça” ASC-nin tədris sertifikatını alacaqlar. Xalça-satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı həyata keçiriləcək.
Dövlətimizin başçısı toxunuşu başa çatan xalçanı kəsib.
Sonra filialın kollektivi ilə görüşən Prezident İlham ƏLİYEV deyib:
- Mən sizi ürəkdən salamlayıram. Sizi yeni xalça fabrikinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bu gözəl müəssisədə indi 50-dən çox iş yeri yaradılıb. Gələcəkdə iş yerlərinin sayı daha da çox olacaq. Əsas məsələ ondadır ki, burada qadınlar üçün iş yerləri yaradılır. Yəni, qadınları işlə təmin etmək üçün xüsusi tədbirlər görülür ki, Azərbaycanda iş yerləri daha da sürətlə açılsın, daha geniş əhalini əhatə etsin.
Burada iş şəraiti də, əməkhaqqı da yaxşıdır. Azərbaycanda xalçaçılıq sənətinin bundan sonra da yaşadılması üçün biz çox böyük işlər görürük. Bu məqsədlə “Azərxalça” müəssisəsi yaradılıbdır və mənim göstərişimlə ölkəmizdə 30-dan çox xalça fabriki tikilməlidir. Onlardan 10-u istifadəyə verilib, o cümlədən biri Qəbələ şəhərində. Növbəti illərdə isə 20-dən çox fabrik fəaliyyətə başlayacaq. Bu fabriklərdə minlərlə yeni iş yeri yaradılacaq.
Xalçaçılıq sənəti bizim milli sənətimizdir, bizim qədim sənətimizdir. Azərbaycan xalçaları dünyanın ən aparıcı muzeylərində nümayiş etdirilir. Xalça bizim məişətimizin ayrılmaz hissəsidir və Azərbaycan xalçaları öz keyfiyyəti ilə seçilir. Biz elə etməliyik ki, bu sənət daim yaşasın. Buna nail olmaq üçün, əlbəttə ki, belə fabriklərin yaradılması çox böyük əhəmiyyət kəsb edir. Əminəm ki, gənc nəsil bu gözəl sənətə gələcək və bizim peşəkar mütəxəssislərimiz öz təcrübələrini bölüşərək bunu gənc nəslə də ötürəcəklər. Beləliklə, xalça sənəti yaşayacaq, necə ki, əsrlərboyu yaşayıb.
Eyni zamanda, xalça ixracyönümlü məhsuldur. Bu xalçalar xaricə satılmaqla ölkəmizə valyuta gələcək. Biz indi Sumqayıt şəhərində böyük əyirici-boyaq müəssisəsini yaradırıq. Ölkə üzrə yun tədarük mərkəzləri yaradılır. Bizim öz boyalarımız, öz iplərimiz olacaq və idxaldan asılılıq aradan qaldırılacaq.
Ona görə “Azərxalça”nın yaradılması, görün, nə qədər böyük, gözəl hadisələrə təkan verdi. Həm iş yerləri yaradılır, biz sənətimizi yaşadırıq, gənc nəsli yetişdiririk, həm də bölgələrdə yunçuluqla bağlı aparılan tədbirlər öz səmərəsini verir və nəticədə Azərbaycan daha da güclənir, ölkəmizin uğurlu inkişafı təmin edilir.
Qəbələ rayonuna çox böyük diqqət göstərilir. Son illər ərzində burada bir çox önəmli müəssisələrin, obyektlərin açılışı olub. Təsadüfi deyil ki, mən son 16 il ərzində Qəbələyə 13 dəfə səfər etmişəm, şəhərin, rayonun inkişafı ilə bağlı göstərişlər verilib və gözəl açılışlarda iştirak etmişəm.
Qəbələ Azərbaycanın Bakıdan sonra ikinci turizm məskənidir. Turizmin inkişafı sürətlə davam edir, 9 otel, 9 istirahət mərkəzi yaradılıb. Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Qəbələdə beynəlxalq aeroport tikilib. Baxmayaraq ki, sovet vaxtında Qəbələdə aeroport yox idi, indi beynəlxalq uçuşlar təşkil edilir. İcra başçısı mənə məlumat verdi ki, bu il təkcə otellərdə 150 min qonaq istirahət edib. Fərdi evlərdə də bəlkə o qədər qonaq istirahət edib. Bu, vətəndaşlara da böyük maddi dəstəkdir. İmkanı olan vətəndaşlar öz evlərinin bir hissəsini kirayəyə verirlər, pul qazanırlar. Kəndlilər də öz məhsullarını satırlar. Ona görə turizmin inkişafı əhalinin çox böyük bir hissəsini əhatə edir.
Əlbəttə, Qəbələdə sosial infrastruktur da icra edilir. O cümlədən biz bu gün içməli su-kanalizasiya layihəsini icra etdik. Bundan sonra Qəbələ ən yüksək standartlara cavab verən içməli su ilə təmin ediləcəkdir. Şəhər sakinləri bundan faydalanır. “ASAN xidmət” mərkəzi yaradılmışdır ki, bu da vətəndaşlara çox böyük rahatlıq verir. Heydər Əliyev adına böyük Konqres Mərkəzi yaradılıb və orada beynəlxalq tədbirlər, musiqi festivalları keçirilir. Yəni, Qəbələdə hərtərəfli inkişaf təmin edilir, iş yerləri, yeni müəssisələr, konserv zavodu, iki böyük heyvandarlıq müəssisəsi, bu gün tanış olduğum, Azərbaycanın tələbatının böyük hissəsini öz üzərinə götürən gülyetişdirmə mərkəzi və bu xalça müəssisəsi. Ona görə Qəbələnin timsalında biz ölkəmizin uğurlu inkişafını görürük.
Şəhər də gündən-günə gözəlləşir, abadlaşır. Həm tarixi abidələr qorunur, həm yeni obyektlər göz oxşayır. Belə də olmalıdır. Çünki Qəbələ dünyanın ən qədim yaşayış yerlərindən biridir. Qəbələ qədim Qafqaz Albaniyası dövlətinin paytaxtı olmuşdur. Bu şəhərin çox böyük tarixi var. Biz indi Qəbələnin tarixi simasını saxlamaqla şəhərə, rayona yeni nəfəs veririk. Yeni inkişaf konsepsiyası icra edilir. Hər dəfə Qəbələdə olanda mən gördüyüm bu inkişafı qiymətləndirirəm və buna sevinirəm.
Sizə gələcəkdə yeni uğurlar arzulayıram. Arzu edirəm ki, bu müəssisədə yaxşı işləyəsiniz, həm ailə büdcənizə töhfə verəsiniz və həm də burada gözəl sənətimizi yaşadasınız.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
9 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 10 saat əvvəl
-
10 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 10 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var

















